Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Qazaxıstanın neftçi geoloqlar Cəmiyyətinin prezidenti Baltabek Kuandıkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
X. Yusifzadə qonaqlara Azərbaycanda neft sənayesində son illər həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verərək, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açıb.
B. Kuandıkov Azərbaycanın enerji sektorunda əldə olunmuş uğurları, ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, Sovet dönəmində azərbaycanlı geoloqlarla Xəzərin Qazaxıstan hissəsində birgə fəaliyyət müsbət nəticələr verib.
B. Kuandıkov X. Yusifzadəyə Qazaxıstan Respublikası neftçi geoloqlar Cəmiyyətinin fəxri üzvü şəhadətnaməsini və döş nişanını təqdim edib.
Görüşdə habelə Azərbaycan neftçi geoloqlar Cəmiyyətinin sədri, geologiya-mineralogiya elmləri doktoru Akif Nərimanovun Qazaxıstan Respublikası neftçi geoloqlar Cəmiyyətinin, B. Kuandıkovun isə Azərbaycan neftçi geoloqlar Cəmiyyətinin üzvü seçildiyi bildirilib.
Daha sonra iki ölkənin neftçi geoloqlar Cəmiyyətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən Azərbaycan və Qazaxıstan neftçi geoloqları elmi, geoloji kəşfiyyat işləri, eləcə də kadr mübadiləsi və məsləhətləşmələr həyata keçirəcəklər.