Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanovu qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb. O bildirib ki, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və bu imkandan səmərəli istifadə Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişafına öz töhfəsini verə bilər.
G. Kalamanov Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə sənaye parklarına dair fikir mübadiləsi aparılıb, əczaçılıq və neft maşınqayırması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycanda sənaye parklarında yaradılan əlverişli şərait, rezidentlər üçün güzəştlərin tətbiqi iş adamlarına əməkdaşlıq üçün geniş imkanlar yaradır.