Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi və Azərbaycan Dövlət teleqraf Agentliyi (AzərTAc) media tərəfdaşlığı ilə nəşr olunan “The Oil & Gas Year Azerbaijan-2015” jurnalının təqdimatı keçirilib.
“APA-Economics”in məlumatına görə, təqdimat mərasiminə Azərbaycanın neft-qaz sahəsinin rəhbər şəxsləri və mütəxəssislər qatılıblar.
“The Oil and Gas Year” jurnalının regional direktoru Jak Miller çıxış edərək ölkəmizdə həyata keçirilən qlobal neft-qaz layihələrinin əhəmiyyətini vurğulayıb. O, “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil olunacaq təbii qazın Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində böyük rol oynayacağını diqqətə çatdırıb.
J. Miller bildirib ki, nəşrdə “Şahdəniz Mərhələ-2” və Cənub Qaz Dəhlizi layihələrindən, ölkəmizin neft və qaz bazarlarındakı uğurlarından, həmçinin transmilli şirkətə çevrilən SOCAR-ən beynəlxalq arenadakı fəaliyyətindən bəhs olunur.
SOCAR-ın investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov isə “The Oil & Gas Year Azerbaijan-2015” jurnalının ölkəmizə həsr edilməsini yüksək qiymətləndirərək, “Şahdəniz Mərhələ-2”, TAP, TANAP layihələrinin önəmindən danışıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. “Saipem” və “Bos Şelf” şirkətlərinə “Project of the Year”, bp-yə “Upstream project of the Year”, ARDNŞ-ə “Midstream project of the Year” və “Downstream project of the Year”, Bakı gəmiqayırma zavoduna isə “Maritime project of the Year” mükafatları təqdim olunub. “Man of the Year” mükafatına isə “Bos Şelf”in baş direktoru İxtiyar Axundov layiq görülüb.
Qeyd edək ki, “The Oil & Gas Year” jurnalı dünyanın 35 ən iri neft və qaz bazarını əhatə edən, bu sahədə ilkin araşdırma apararaq biznes ehtiyatlarını müəyyənləşdirən illik nəşrdir. Jurnalın hər nömrəsi bir ölkəyə həsr olunur. “BPA Worldwide” təşkilatının müəyyənləşdirdiyi göstəricilərə görə, onun oxucu auditoriyası dünyada 69 min baş direktoru, naziri, digər rəsmi şəxsləri və maliyyə məmurlarını əhatə edir.