25-28 aprel tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital Ltd" şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ikinci "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-Kimya" beynəlxalq forumu keçiriləcək.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, forumda Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının hasilatı, ixracı, ən son tendensiyalar və inkişaf perspektivləri təhlil ediləcək, ixrac bazarları, yerli və ixrac tələblərinin xüsusiyyətləri, xarici sərmayə axını, neft limanları, boru xətləri və dəmir yolları daxil olmaqla maddi-texniki infrastruktur barədə müzakirələr aparılacaq.
Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR rəhbərliyinin təmsilçiləri, millət vəkilləri, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin hökumət nümayəndələri və transmilli neft-qaz şirkətlərinin rəhbərləri, treyderlər, analitiklər, bank strukturlarının təmsilçiləri iştirak edəcək.
Forum öz işini 3 gün ərzində müxtəlif mövzular üzrə 8 sessiyada davam etdirəcək.