Bank Of Baku

Bakıda enerji səmərəliliyinə investisiyaları təşviq etmək məqsədilə forum keçirilib - FOTO

Bakıda enerji səmərəliliyinə investisiyaları təşviq etmək məqsədilə forum keçirilib - <span style="color: red;">FOTO
# 10 iyun 2014 16:11 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Azərbaycan Dövlət Agentliyi kiçik və orta müəssisələrin effektivliyini artırmaq və xərclərini azaltmaq üçün enerji səmərəliliyinə investisiyaları təşviq etmək məqsədilə forum keçirib.

 

Korporasiyanın Azərbaycan nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, IFC və Dövlət Agentliyi Bakıda yerli biznes qurumları, dövlət agentlikləri, beynəlxalq maliyyə təşkilatları, banklar və enerji-qənaətli avadanlıq təchizatçılarının nümayəndələri ilə dəyirmi masa təşkil edib.

 

Görüş zamanı enerji-qənaətli müasir texnologiyalar, enerji effektivliyinə investisiyaların gəlirli biznes olduğu və enerji effektivliyinin və rəqabətliyinin təşviq edilməsi vasitələri müzakirə edilib.

 

Agentliyin direktoru Cəmil Məlikov deyib ki, son dövrlərədək Azərbaycanda enerji effektivliyi əsasən bərpa olunan enerji mənbələri, neft, enerji və tikinti sahələrində əksini tapıb: “Lakin bu sahədə kiçik və orta müəssisələrin də potensialı böyükdür. Bu baxımdan onların bu istiqamətdəki fəaliyyətinə kömək etmək çox vacibdir”.

 

IFC-nin ölkə üzrə nümayəndəsi Aliyə Əzimova qeyd edib ki, enerji səmərəliliyinə investisiyaların xərcləri mühüm dərəcədə azalda bilməsi faktı təcrübədə sübut olunub: “Biz inanırıq ki, Azərbaycanın özəl müəssisələrinin səmərəliliyinin artırılması ölkə iqtisadiyyatının güclənməsinə töhfə verəcək”.

 

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisələr, o cümlədən enerji və tikinti sahəsində çalışan şirkətlər, qida məhsullarının istehsalçıları, kənd təsərrüfatı müəssisələri, istixanalar quraşdıran şirkətlərin nümayəndələri iştirak edib. Bu təşəbbüs IFC-nin Avstriyanın Maliyyə Nazirliyi ilə birgə həyata keçirdiyi Azərbaycanda və Orta Asiyada Davamlı Enerji Layihələrinin Maliyyələşdirilməsi Proqramının tərkib hissəsidir.

 

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-yə üzv olub. O vaxtdan etibarən IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və istehsalat sektorlarında 73-dən çox layihəyə təxminən 412 mln. ABŞ dolları məbləğində investisiya qoyub və digər kreditorlardan 73 mln. ABŞ dolları məbləğində kapital səfərbər edib. IFC həmçinin özəl sektorun inkişafına yönəlmiş müxtəlif məsləhət xidmətləri layihələrini həyata keçirir, özünün Aktivlərin İdarəedilməsi Şirkəti vasitəsilə inkişafda olan bazarlarda özəl sektor layihələrinə dəstək göstərmək məqsədilə Azərbaycan Dövlət Neft Fondundan 350 mln. ABŞ dollar həcmində vəsait cəlb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR