Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda II ARDNŞ Neft-Qaz emalı və Neft-Kimya Kompleksi (NQNK) Forumu öz işinə başlayıb.
“APA-Economics”in məlumatına görə, iki gün davam edəcək forumda “İri neft-qaz emalı və neft-kimya layihələrinin LST mərhələləri”, “Qaz-kimya sənayesi üzrə texnoloji nailiyyətlər və bazar tendensiyaları”, “Neft və qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “NQNK layihələrinin maliyyə-hüquqi xüsusiyyətləri”, “İri layihələrin reallaşdırılmasında razılaşdırma, logistik, torpaq, ekoloji və digər aspektlər” və “İrimiqyaslı layihələrdə yerli podratçıların təcrübəsi” mövzuları ilə bağlı müzakirələr aparılacaq.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev forumun açılışında bildirib ki, rəhbərlik etdiyi şirkət dünyanın neft-qaz siyasətində mühüm rol oynayır.
R. Abdullayev qeyd edib ki, hazırda NQNK layihəsinin təşəbbüskarları Layihələndirmə-Satınlama-Tikinti (LST) adlanan ikinci mərhələyə, yəni layihənin bilavasitə həyata keçirilməsi mərhələsinə başlayır: “Bu forum həm dünya, həm də yerli miqyasda şirkətlərə yüksək səviyyədə neft-qaz emalı və neft-kimya sahəsi üzrə təcrübə və texnologiyalarını təqdim etmək üçün unikal şərait yaradacaq”.
Qeyd edək ki, NQNK layihəsinin birinci mərhələsində illik istehsal gücü 12 mlrd. kubmetr olan Qaz Emalı zavodunun və ildə ümumilikdə 860 min ton polimetr (yüksək sıxlıqlı və xətt aşağı sıxlıqlı Poloetilen və Polipopilen) istehsalını nəzərdə tutan qaz xammalı əsaslı Neft-Kimya zavodunun, o cümlədən kompleksin fasiləsiz istismarını təmin etmək məqsədi ilə İstilik Elektrik Mərkəzi daxil olmaqla, Mərkəzi Ümumzavod Təsərrüfatı blokunun tikintisi planlaşdırılır. Kompleks Bakı şəhərindən 60 km məsafədə, Abşeron və Qaradağ rayonlarının sərhədində olacaq. Kompleksin birinci mərhələsinə aid olan zavodların 2020-ci ildə istismara verilməsi nəzərdə tutulub.