Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər" mövzusunda keçirilmiş konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin, dövlət orqanlarının və ticarət palatalarının 200-ə yaxın nümayəndəsi iştirak edib.
"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadi inkişafın stimullaşdırılmasına xidmət edir. "Görülən işlərin nəticəsidir ki, 2015-ci il və bu ilin ötən dövrü ərzində 470-dən artıq sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb. Ötən il qeyri-neft sənayesi 10%, 2016-cı ilin ötən dövrü ərzində 3% artıb. Ümumilikdə isə son 10 ildə qeyri-neft sənayesi 2,3 dəfə artıb".
Nazir əlavə edib ki, hazırda Neftçala Sənaye Məhəlləsində son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək: "Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq".
Bundan başqa, Ş. Mustafayev qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 mlrd. dollardan çox investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması gözlənilir. "Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və ilkin hesablamalara əsasən buraya 100 milyon dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur", - deyə o bildirib.
Qeyd edilib ki, Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır.
Nazir bu gün keçirilən konfrans çərçivəsində investisiya təşviqi sənədinin alınması üçün nazirliyə müraciət etmiş sahibkarlara investisiya təşviqi sənədlərinin təqdim ediləcəyini, təqdim olunan 15 layihənin icrası nəticəsində yerli istehsala 160 mln. manatdan çox investisiya yatırılacağını, 1400-ə yaxın yeni iş yerlərinin yaradılacağını diqqətə çatdırmış və sənədin sahibkarlar üçün yaratdığı imkanlar vurğulanıb. O qeyd edib ki, investisiya təşviqi sənədi alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur.
Tədbirdə investisiya təşviqi mexanizminə dair təqdimat keçirilmiş, sənədin verilməsi prosesi və qanunvericilik bazası, sahibkarlara qazandırdığı güzəştlər barədə tədbir iştirakçılarına məlumat verilib, İqtisadiyyat Nazirliyi tərəfindən bundan sonra da investisiya təşviqi sənədinin alınması üçün müraciət edənlərə lazımi köməklik göstəriləcəyi vurğulanıb.