Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı (E5P) proqramı çərçivəsində seminar keçirilib.
“APA-Economics”in məlumatına görə, tədbirdə Azərbaycan hökuməti, yerli bələdiyyə kommunal xidmət şirkətləri, mərkəzi və regional qurumların nümayəndələri, eləcə də digər maraqlı tərəflər iştirak edib. Seminarın məqsədi bələdiyyələr üçün enerji səmərəliliyi üzrə həlləri təqdim etmək və ölkədə bələdiyyə kreditləşməsini təbliğ etməkdir.
E5P nümayəndələri təqdimatlar keçirib və iştirakçıların suallarını cavablandırıblar. İştirakçılardan həmçinin uyğunluq meyarları və potensial borcalanlar üçün ərizə prosesi ilə bağlı məsələlər üzrə məsləhət və təkliflərin təqdim edilməsi xahiş olunub.
Proqram vasitələri maliyyə institutları tərəfindən təqdim edilən enerji səmərəliliyi kreditlərinə əlavə kimi istifadə olunur. E5P çərçivəsində Azərbaycanda qrantlar enerji səmərəliliyi, ətraf mühitin yaxşılaşdırılması və ən qabaqcıl təcrübələrin mənimsənilməsi kimi prioritet sahələrə ayrılacaq.
Bələdiyyə layihələri vasitəsilə enerji səmərəliliyi və enerji qənaətini təşviq etməklə bərabər, maliyyə həmçinin əhəmiyyətli enerji qənaətinə yönəlmiş sərmayələri də dəstəkləyəcək. Çirkab sular və ya bərpa olunan enerji kimi ekoloji layihələr həmçinin qrant çərçivəsində ayrılacaq maliyyə ilə əhatə olunacaq mövzulardır.
E5P Fondun rəhbəri Anders Lund qeyd edib ki, Bakıda keçiriləcək seminar Fondun fəaliyyətində ilk gündən fəal iştirak edən Azərbaycanda bələdiyyələr və şirkətlərlə əlaqə yaratmaq üçün ilk və əhəmiyyətli bir imkandır: “Biz enerji səmərəliliyinin artırılması və beləliklə də ölkənin zəngin təbii resurslarından mümkün qədər səmərəli istifadə istiqamətlərində atılan addımları bütövlüklə dəstəkləyirik”.
Qeyd edək ki, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı (E5P) AYİB tərəfindən idarə olunan, və Ukrayna və digər Şərqi Avropa ölkələrində enerji səmərəliliyi üzrə investisiyaların təşviqi üçün nəzərdə tutulan və 90 milyon bavro büdcəyə malik çox-donorlu fonddur. Fond 2009-cu ildə Avropa İttifaqına sədrlik etdiyi dövrdə İsveç hökumətinin təşəbbüsü ilə yaradılmışdır. E5P Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Nordik Investisiya Bankı, Nordik Ətraf Maliyyə Korporasiyası və Dünya Bankı Qrupu da daxil olmaqla maliyyə institutları tərəfindən ayrılan enerji səmərəliliyi kreditlərinə əlavə vəsait təmin edir. E5P üçün ianəçilər sırasına Aİ və ABŞ, eləcə də Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa, İsveç və Ukrayna var.