Bank Of Baku

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum olub

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum olub
# 07 iyul 2014 13:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Artıq Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, “Təmiz Şəhər” ASC tərəfindən parkda fəaliyyət göstərəcək ilk iki şirkət qeydiyyatdan keçirilib.


İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunlar işlənmiş mühərrik yağlarının emalı ilə məşğul olan “Ekokat” MMC və plastik butulkaların emalı sahəsində fəaliyyət göstərən “Az.Ekol.” MMC-dir.

 

Qeyd edək ki, Balaxanı Sənaye Parkının yaradılmasında başlıca məqsəd təkrar istehsal sahəsində maraqlı olan sahibkar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və lazımi dəstək hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatını asanlaşdıracaq və istehsal edilmiş məhsulun daha əlverişli şərtlərlə bazara çıxarılmasına imkan yaradacaq.

 

“Yaşıl biznes”ə, xüsusilə tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə sahibkar və investorlar üçün parkda lazımi infrastrukturun yaradılması planlaşdırılır. Belə ki, ərazidə yol salınacaq, elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Parkın girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək, lazımi ilkin infrastruktur yaradılacaq.

 

Parkın rezidentləri 7 il ərzində sənaye parkında fəaliyyət göstərdiyi zaman 4 növ vergidən: mənfəət, torpaq, əmlak vergilərindən və idxal olunan avadanlığın əlavə dəyər vergisindən azad olunurlar. Sənaye parkında fəaliyyətlə bağlı aşağı icarə qiymətləri ilə istehsalat sexləri, ofis əraziləri, anbarlar və yardımçı sahələri icarəyə götürmək imkanları əldə edirlər. Bundan başqa, parkın rezidentləri güzəştli şərtlərlə kredit əldə etmək imkanından yararlana bilərlər.

 

Sənaye parkı Bakı şəhərinin Balaxanı qəsəbəsində 7 hektar ərazidə yerləşir. Parkla bağlı daha ətraflı məlumat əldə etmək və on-layn müraciət üçün sənaye parkının rəsmi səhifəsi (www.bsp.az) fəaliyyət göstərir. Hazırda sənaye parkında fəaliyyət göstərmək istəyən digər şirkətlərlə də danışıqlar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR