Bakı. Musa Əhmədov - APA-Economics. Beynəlxalq audit şirkəti PricewaterhouseCoopers (PwC) Qaradağ rayonunda tikilən Neft-qaz emalı və Neft-kimya kompleksinin (OGPC) reallaşmasının iqtisadi səmərəliliyinin həcmini açıqlayıb.
“APA-Economics” “Rusiya qəzeti”nə istinadən xəbər verir ki, audit şirkətinin hesablamalarına görə, layihənin reallaşmasının iqtisadi effekti inşa dövründə 2 mlrd. dollar, aktiv fəaliyyəti dövründə isə 225 mlrd. dollar təşkil edəcək.
Xəbər verildiyi kimi, OGPC-nin tikinti layihəsinin texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyən edilmiş dəyəri tikinti dövründə götürülmüş kreditlər üzrə faizlər də daxil olmaqla 17,1 mlrd. dollar təşkil edir. Layihənin dəyərinin təxminən 30%-nin nizamnamə kapitalı (5 mlrd. dollara yaxın), 70%-nin borc kapital hesabına (12 mlrd. dollara yaxın) maliyyələşdirilməsi planlaşdırılır. Kompleksin gəlirliliyi 13%, investisiya xərclərinin çıxarılma müddəti 7-8 il təşkil edəcək.
Kompleksdə 27-dən çox xüsusi lisenziyanın tətbiqi ilə texnoloji proseslərin istifadə edilməsi gözlənilir. Ümumilikdə kompleksdə 40-dan artıq müasir qurğu istismara veriləcək. Neft emalının dərinliyi 95%-ə qədər, açıq rəngli neft məhsullarının hasilatı 85%-ə qədər artırılacaq.
İldə 10 mln. ton neft emal etmək gücünə malik NEZ-in tikintisi və istismara verilməsi ölkənin növbəti 20 il ərzində strateji neft məhsullarına olan tələbatını ödəyəcək.