Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında "Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində enerji siyasətinin səmərəliliyi" ilə bağlı layihənin təqdimatı keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Avropa İttifaqının Gürcüstandakı səfiri Janos Herman, Beynəlxalq Enerji Agentliyinin direktoru Maria Van Der Hoeven çıxış edərək Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində enerji siyasətinin vacib bir istiqamətdə inkişaf etdirildiyini bildiriblər.
Tədbirdə çıxış edən Gürcüstanın energetika naziri Kaxa Kaladze qeyd edib ki, Gürcüstan artıq assosiasiya sazişi imzalayıb və bir çox sahələrdə olduğu kimi energetika sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar müxtəlif layihələr həyata keçirilir.
Beynəlxalq Enerji Agentliyinin direktoru Maria Van Der Hoeven təqdimat zamanı çıxışında Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində həyata keçirilən enerji strategiyasının inkişafı haqqında ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda enerji siyasətinin sabit və davamlı inkişaf etdiyini bildirib: "Azərbaycan iqtisadiyyatı güclü şəkildə inkişaf edir, onun enerji siyasəti getdikcə güclənir və Azərbaycan istehsal etdiyi yanacağın digər ölkələrə 90%-ni ixrac edir. Qeyd edim ki, Azərbaycanda alternativ enerji mənbələri də düzgün istiqamətdə qurulub və ondan səmərəli istifadə olunur", - deyə Beynəlxalq Enerji Agentliyinin direktoru vurğulayıb.
Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edib.
Təqdimat mərasimində Azərbaycanın Energetika Nazirliyinin aparat rəhbəri İftixar Hüseynov və s. təmsil ediblər.
İ. Hüseynov jurnalistlərə açıqlamasında tədbirdə Azərbaycanın xüsusi bölgə kimi təqdim olunduğunu bildirib: "Təqdimatda Azərbaycanın enerji təhlükəsizliyini təmin etməsi vacib məsələlərdən biri kimi qeyd olunub. Bütün bunlar Azərbaycanın düzgün siyasət apardığının nəticəsidir. Azərbaycan artıq özünün enerji təhlükəsizliyini tam təmin edib. Enerjinin səmərəliliyi məsələsi Azərbaycanda ən prioritet məsələlərdən biri kimi ön plandadır və nazirliyimizin nəzdində enerji səmərəliliyi ilə bağlı xüsusi şöbə yaradılıb. Bu şöbə 2015 və 20120-ci ilə qədər dövlət proqramının hazırlanması istiqamətində işlər aparır. Biz Beynəlxalq Enerji Agentliyinə ölkəmizdə enerji səmərəliliyi ilə bağlı fikir mübadiləsi aparılmağı, treninqlər və konfransların keçirilməsini təklif etmişik. Beynəlxalq Enerji Agentliyinin hazırladığı metodologiya artıq Azərbaycan dilinə tərcümə olunub və biz bundan yararlanacağıq".