Bank Of Baku

BNEZ və "Azərkimya"nın modernləşdirilməsinə 1,8 mlrd. dollar tələb olunur

BNEZ və "Azərkimya"nın modernləşdirilməsinə 1,8 mlrd. dollar tələb olunur
# 01 iyun 2017 15:44 (UTC +04:00)

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) və "Azərkimya" İstehsalat Birliyinin modernləşdirilməsi və yenidən qurulması layihələrinin dəyəri 1,8 mlrd. dollar təşkil edir. "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

 

"Sonuncu qiymətləndirməyə əsasən, hər iki layihənin ümumi dəyəri təxminən 1,8 mlrd. dollar təşkil edir ki, bunun 1,5 mlrd. dolları BNEZ-in, 320-340 mln. dolları isə "Azərkimya"nın müəssisələrinin modernləşdirilməsinə tələb olunur", - deyə T.Qəhrəmanov qeyd edib.


Qeyd edək ki, 2015-ci ilin sonunda aparılan qiymətləndirməyə əsasən, BNEZ-in modernləşdirilməsinə 1,3 mlrd. dollar tələb olunurdu. Dəyərin artmasına münasibət bildirən vitse-prezident qeyd edib ki, zavoddaxili təsərrüfat acınacaqlı vəziyyətdədir: "Modernləşdirmə prosesində quraşdırılacaq qurğuların dəyəri dəyişməz olaraq qalır".

T.Qəhrəmanov onu da bildirib ki, BNEZ-in modernləşdirilməsi tamamilə dövlət büdcəsindən maliyyələşdiriləcək: "Məsələ dövlət səviyyəsində həll olunub. Maliyyə vəsaiti Dövlət Neft Fondundan ayrılacaq. Böyük ehtimalla, Fonddan ayrılan vəsait SOCAR-ın nizamnamə kapitalının artırılmasına yönələcək. O ki qaldı "Azərkimya"nın müəssisələrinin modernləşdirilməsinə, bizə dövlət zəmanəti ilə kreditin cəlb olunmasına icazə verilib".

 

SOCAR rəsmisi əlavə edib ki, indiyədək qeyd edilən layihələrə 400 mln. manat yönəldilib.


"Avqust ayında BNEZ 1 aylıq cari təmirə dayandırılacaq", - deyə T.Qəhrəmanov bildirib.

 

Qeyd edək ki, SOCAR BNEZ-in modernləşdirilməsini 2020-ci ilədək başa çatdırmağı planlaşdırır. Modernləşdirmədən sonra zavodun istehsal gücü 25% artacaq. Zavodda il ərzində 1,9 mln. ton (hazırda 1,2 mln. ton) avtomobil benzini, 3 mln. ton (1,9 mln. ton) dizel yanacağı, 1 mln. ton (hazırda 700 min ton) kerosin və s. neft məhsulları istehsl olunacaq.

 

Bundan öncə "Azərkimya"nın Müşahidə Şurasının sədri Muxtar Babayev bildirib ki, 2019-cu ilin yayında Etilen-Polietilen Zavodunda modernləşdirmə işləri başa çatdırılacaq. Beləliklə, zavodun illik istehsal günü hazırkı 60 min tondan 185-190 min tona çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR