İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BP-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, İİTKM-in icraçı direktoru BP Qrupun siyasi və iqtisadi məsələlər üzrə müşavirləri Maykl Denison və Julian Bovdeni, eləcə də BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu hökumətlə əlaqələr üzrə müşaviri Günəş Əliyevanı qəbul edərkən əvvəlcə, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir səmərəli əməkdaşlıq davam edir. Bu illər ərzində ölkəmizdə irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP fəal tərəfdaş kimi çıxış edib.
V.Qasımlı ötən il ərzində energetika sahəsində yaddaqalan hadisələrin baş verdiyini bildirib. O deyib ki, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılıb, eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. İcraçı direktor əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz, bölgə və dünya üçün önəmli hadisə olub.
M.Denison isə Azərbaycanda aparılan proqressiv inkişafdan məmnunluğunu ifadə edib. O BP şirkəti ilə Azərbaycan arasında uğurlu əməkdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin energetika layihələrinə dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Görüş zamanı tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.