Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəmərinin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.
Kəmərin əsas operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində BTC vasitəsilə təqribən 26,4 mln. ton və ya 199 milyon barel xam neft ixrac olunub və bu neft Ceyhanda 276 tankerə yüklənib.
1 768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2 mlrd. 30 mln. barel və ya 272 mln. ton xam neft Ceyhanda 2665 tankerə yüklənmiş və dünya bazarlarına göndərilib. Avqust ayında BTC Türkiyənin Ceyhan terminalında yüklədiyi 2 milyardıncı barel nefti yola salmağını qeyd edib.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1%); AzBTC (25.00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5.00%); “Total” (5.00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), “ConocoPhllips” (2,50%) və ONGC (BTC) limited” (2,36%) şirkətləri təşkil edir.