Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 16899,1 min ton neft nəql edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,12% azdır.
Nəqletmənin 81,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 743,9 min ton neft ötürülüb. Bu, ötən ilin 5 ayı ilə müqayisədə isə 0,43% çoxdur.
Dövr ərzində BTC kəməri ilə 2595,1 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 3,37% azdır.
Xatırladaq ki, 2017-ci yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 17 478,8 min ton neft nəql edilib. Ötən il nəqletmənin 78,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və ötən ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 13 684,5 min ton neft ötürülüb. 2017-ci ilin 5 ayı ərzində isə BTC kəməri ilə 2685,5 min ton tranzit nefti də nəql edilib.