Bu ilin ilk yarım ili ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 21,4 mln. kubmetr qaz olub.
CQBK-nın operatorlarından biri olan “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Bu ilin birinci yarısında CQBK ilə bağlı fəaliyyətlərə təqribən 14 mln. dollar əməliyyat xərcləri və 413 mln. dollar əsaslı xərclər sərf edilib.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%) və TPAO (19%).