Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə təqribən 230 mln. dollar əməliyyat məsrəfləri və 601 mln. dollar əsaslı məsrəflər xərclənib.
AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin altı ayı ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci yarım ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (56 000), “Mərkəzi Azəri” (129 000), “Qərbi Azəri” (116 000), “Şərqi Azəri” (77 000), “Dərinsulu Günəşli” (120 000) və “Qərbi Çıraq” (87 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel və ya ümumilikdə 106 mln. bareldən artıq, yəni 14 mln. tondan artıq təşkil edib.
Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub. Altı ay ərzində AÇG-də 11 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.
Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), İNPEX (11%), “Statoyl” (8,6%), “ExxonMobil” (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%). AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.