2017-ci ilin III rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.
"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə işlərin (tikinti və istismar sınaqları daxil olmaqla) 98%-i artıq tamamlanıb.
Azərbaycanda əsas kəmər xəttinin inşası işləri tamamlanmaq üzrədir - təqribən 419 km uzunluğunda borular artıq qaynaq edilib və 380 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb. Bundan əlavə, 6 hidro-sınaq bölməsində işlər bitib.
Gürcüstan ərazisində əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Əsas kəmər xəttinin istismar sınaqları 90% bitib və 2017-ci ildə başa çatmaq planına uyğundur.
Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri və istismar sınaqları davam edib. 1-ci kompressor stansiyasında tikinti işləri 100%, istismar sınaqları isə 67% bitib. Bu obyekt 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında tikinti işləri 82% tamamlanıb. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) tikinti işləri 100%, istismar sınaqları isə təqribən 87% tamamlanıb. Bu obyekt 2017-ci ildə hazır olmaq planına uyğun irəliləyir.