Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya Bankının (DB) Direktorlar Şurası bu ilin sonuna kimi "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması üçün Azərbaycana $500 mln. həcmində kreditin verilməsini təsdiqləyə bilər. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, hal-hazırda kreditləşmə barədə müzakirələr davam etdirilir.
DB-nin Azərbaycandakı ofisindən bildirilib ki, layihə üzrə benefisiar "Cənub Qaz Dəhlizi" QSC-dir. O da bildirilib ki, kredit dövlət zəmanəti ilə veriləcək.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" 4 layihədən ibarətdir: “Şahdəniz-2” fazasının işlənilməsi, Azərbaycanı Gürcüstanla birləşdirən “Cənubi Qafqaz Boru Kəməri”nin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələridir. “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcək.
Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub Qaz Dəhlizi”
layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma
memorandumu imzalayıblar.
"Cənub Qaz Dəhlizi" layihəsinin ümumi dəyəri $40 mlrd. təşkil edir. Azərbaycanın layihədəki payı isə təxminən $13 mlrd. həcmində qiymətləndirilir.