Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yunanıstanın qazpaylayıcı şirkəti DESFA-nın SOCAR-a məxsus 66%-nin 17%-nin satışı ilə bağlı danışıqların yekunlaşması bu ilin sonuna və ya 2017-ci ilin əvvəlinə qədər uzana bilər.
"APA-Ecconomics" xəbər verir ki, bu barədə Qərb mətbuatı SOCAR-dakı mənbələrə istinadən xəbər verir.
Mənbə bildirir ki, hazırda potensial payçılarla danışıqlar aparılır: "Danışıqlar cari ilin sonuna və ya gələn ilin əvvəlinədək yekunlaşa bilər".
Qeyd edək ki, 17%-lik səhm paketini əldə etmək üçün 3 şirkət - Belçikanın “Fluxys”, İspaniyanın “Enagas” və İtaliyanın “Snam” şirkətləri ilə danışıqlara başlanıb. Lakin ardınca “Fluxys” danışıqlardan imtina edib.
İtaliya mətbuatı isə yazır ki, artıq “Snam” şirkəti də DESFA-ya ortaq olmaqdan vaz keçib. “Enagas” isə hələ də 17%-lik səhm paketinə sahib çıxmaqda israrlıdır.
Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.
2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.