Bakı - APA-Economics. Gürcüstanın şərqində 3,8 trilyon kubmetr qaz ehtiyatına malik olan yatağını kəşf etdiyini iddia edən "Frontera Resources" şirkətinin məqsədi bu ölkənin hökumətini yalana sürükləməkdir. "APA-Economics" "Georgia Online" portalına istinadən xəbər verir ki, bu barədə ekspert Roman Qotsiridze bildirib.
Ekspert bildirib ki, buna bənzər hadisə 15 il bundan qabaq baş verib: "O zaman Eduard Şevardnadzeni (sabiq prezident - red.) Taribani yatağına dəvət etdilər və ona guya bu yataqdan hasil olunan 1 stəkan nefti içirtdilər. Bu foto bütün dünyanı dolaşdı və investorlar bura pul yatırmağa başladı. Bəs hanı neft? Hanı qaz? Yoxdur! Bütün bunlar pul tələsidir! Biz isə reputasiyamızı itiririk".
Xatırladaq ki, ötən gün ABŞ-ın "Frontera Resources" şirkəti bəyan edib ki, Gürcüstanda 3,8 trilyon kubmetrlik qaz yatağı aşkarlayıb.