"TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq".
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.
O bildirib ki, Türkiyə enerjiyə olan tələbatın artmasında İqtisati Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında Çindən sonra ikinci sıradadır: "Bu baxımdan TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsində həlledici əhəmiyyətə malikdir. Eyni zamanda “Şahdəniz” sahəsindəki qazı Avropaya nəql etməklə Avropanın enerji şaxələndirməsinə də töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi olması üçün ciddi səylər göstəririk.
TANAP-ın birinci fazasından aldığımız qazın həcmi Türkiyənin qarşıdakı dövr üzrə qaz ehtiyacı hesabatında əksini tapıb. Digər tərəfdən Rusiyanın hal-hazırda Balkan ölkələri ərazisindən keçməklə aldığımız qazı birbaşa Qara Dəniz vasitəsilə ölkəmizə istiqamətləndirmək istəyi çərçivəsində formalaşan “Türk Axını Layihəsi”ndə də işləri davam etdiririk.
Şərqi Aralıq Dənizi və İraq başda olmaqla yeni layihələri də nəzərdən keçirməyə hazırıq.
Aparılan araşdırmalarda Şərqi Aralıq dənizi qazı da mənbələri şaxələndirilmə işlərimizdə yeni alternativə çevrilib. Türkiyə bütün bu təchizat layihələri ilə təmin edilən qazın maliyyə baxımından ən sərfəli və qısa məsafədən Avropaya nəql edilə biləcəyi marşrutda iştirak edir. Ölkəmizin təbii qaz və enerji üzrə ticarət mərkəzinə çevrilməsi üçün yeni investisiya qoyuluşlarını davam etdirəcəyik".