Kutaisi. Nizami Məmmədzadə - APA. “Bizim Azərbaycanla çoxəsrlik dostluğumuz var. Aramızda olan münasibətlər heç vaxt pozula bilməz. İnanıram ki, dövlətlərarası münasibətlər həmişə yüksək səviyyədə olacaq. Bizim üçün təbii qazın Azərbaycandan alınması məsələsi prioritet olaraq qalır”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin üzvü, parlament sədrinin sabiq müavini Zurab Abaşidze deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstan hakimiyyəti qaz məsələsi ilə bağlı bir-birinə zidd bəyanatlar verir. “Qazprom”la danışıqlar şəffaf olmalı və əhali bununla bağlı xəbərdar edilməlidir. Biz bu məsələlərlə bağlı energetika nazirini bir neçə dəfə parlamentə dəvət etmişik, lakin o, hələ gələ bilmir. Qaz məsələsi həm ölkəmizi, həm də vətəndaşlarımızı düşündürür. Bizim üçün başlıca məsələ Azərbaycanla strateji tərəfdaşlıq və qazın Azərbaycandan alınmasıdır", - deyə deputat bildirib.
Z. Abaşidze Rusiyanın Ermənistana tranzit yolu ilə ötürdüyü qazın nəql marşrutunun dəyişdirilməsi ehtimalına da münasibət bildirib: "Rusiya tərəfi bəyan edir ki, Gürcüstanla müqavilə imzalanmasa, onlar Ermənistana qazı İran vasitəsi ilə verəcəklər. Boru kəmərinin qeyd olunan marşrutda çəkilməsi isə Gürcüstanın maraqlarına ziddir".