Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin I rübü ərzində Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam edib.
“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz" qazı üçün təxminən 27,4 mln. kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 mln. kubmetr təşkil edir.
Qaz terminaldan əsasən “Cənubi Qafqaz Boru Kəməri” (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus qaz kəməri ilə ixrac olunur.
Bu ilin I rübü ərzində terminal 75 mln. barel neft (o cümlədən 65,2 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8,02 mln. barel “Qərb İxrac Boru Kəməri” marşrutu (QİBK), 1,34 mln. barel dəmir yolu vasitəsilə və 0,44 mln. barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib.
Bu ilin I rübü ərzində terminal həmçinin gündəlik orta hesabla 25,5 mln. kubmetr “Şahdəniz” qazı ixrac edib.
Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpeks” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), ONGC “Videsh Limited” (OVL) (2,7%) təşkil edir.