Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübdə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə təqribən 9 mln. ton (67 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 82 tankerə yüklənib.
“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC ilə 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümumilikdə təxminən 2,43 mlrd. barel (324 mln. ton) xam neft nəql edilib və Ceyhanda 3 194 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti, nəql olunur.
Bu ilin birinci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 29 mln. dollar, əsaslı xərclərə isə 11 mln. dollar xərclənib.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); “Chevron” (8,90%); “Statoil” (8,71%); TPAO (6,53%); ENİ (5,00%); “Total” (5,00%), “İtochu” (3,40%); “İnpex” (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.