Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu günədək Azərbaycandan Gürcüstana 4 mlrd. kubmetr, Türkiyəyə isə 30 mlrd. kubmetr "Şahdəniz" yatağından hasil edilən qaz nəql edilib.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) Investisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü toplantısında Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, yataq işlənəndən indiyədək 55 mlrd. kubmetr qaz, 14 mln. ton isə kondensat hasil edilib. O, Azərbaycanın neft qaz ehtiyatlarından da danışaraq qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş 2 mlrd. ton neft, 2,55 trln. kubmetr qaz ehtiyatı var.
X. Yusifzadə proqnozlaşdırılan ehtiyatların isə 2 mlrd. ton neft, 3,45 trln. kubmetr qaz həcmində olduğunu bildirib: “Beləliklə ümumi ehtiyatlar 10 mlrd. ton neft ekvivalenti həcmində qiymətləndirilir”.