Bakı. Real Cəfərli - APA. Noyabrın 3-də Tehranda Qaz İxrac edən Ölkələr Təşkilatının (GECF) neft və energetika nazirlərinin 15-ci iclası keçirilib.
APA-nın ŞANA-ya istinadən məlumatına görə, yığıncaqda təşkilatın maliyyə və təşkilati məsələləri, 2014-cü maliyyə ili üçün büdcə layihəsi, katibliyin 2014-cü il üçün fəaliyyət proqramı və dünya qaz bazarı ilə bağlı hesabatlar araşdırılıb.
Toplantının gündəliyindəki əsas məsələlərdən biri də təşkilatın yeni baş katibinin seçilməsi olub. GECF-in baş katibi normal prosedur qaydalarına görə üzvlərin ümumi qənaətinə görə seçilir, ancaq üzv ölkələr bu mövzuda konsensus əldə edə bilmədiyi və təşkilatın da baş katibsiz fəaliyyəti mümkünsüz olduğu üçün səsvermə keçirilib. Nəticədə İran irəli sürdüyü namizəd namizədi Seyid Məhəmməd Hüseyn Adili liviyalı opponentini qabaqlayaraq 6 səslə GECF-in baş katibi seçilib. Liviyanın təşkilatın baş katibliyinə irəli sürdüyü namizəd cəmi 5 səs alıb.
Qeyd edək ki, GECF 2001-ci ildə Rusiya da daxil olmaqla 13 qaz ixrac edən ölkə (Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qatar, Liviya, Nigeriya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Trinidad və Tobaqo, Ekvatorial Qvineya) tərəfindən təsis olunub. Hazırda İraq, Norveç, Hollandiya və Qazaxıstan qurumda müşahidəçi ölkələr statusuna sahibdir.