Bakı - APA-Economics. İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Əl-Barrak "Caspian Energy İnternational Media Group"un prezidenti və baş redaktoru Natalya Əliyevanı, "Caspian Energy İnternational Media Group"un baş direktoru Rasim Mahmudovu və "Caspian Energy News"un müxbiri Səbinə Məmmədovanı qəbul edib.
"Caspian European Club"dan "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı "Caspian European Club" və "Caspian Energy İnternational Media Group" çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları, həmçinin İraqın baş naziri Hayder Əl-Abadinin müsahibəsinin dərci planlaşdırılan İraq iqtisadiyyatının inkişafına həsr olunmuş xüsusi nömrənin buraxılışı müzakirə olunub.
Səfir "Caspian European Club" və "Caspian Energy İnternational Media Group"un fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, "Caspian Energy" jurnalının iqtisadiyyat və energetika bölmələri İraqda xüsusi maraqla qarşılanır. Səfir www.caspianenergy.net saytında və dünyanın 50 ölkəsində yayımlanan "Caspian Energy" jurnalında dərc olunan məqalə və materialları izlədiyini diqqətə çatdırıb.
O, "Caspian Energy" jurnalında İraq iqtisadiyyatı barədə məqalə və müsahibələrin dərcində maraqlı olduğunu bildirib.
Görüşün sonunda səfir jurnala müsahibə verib.
Azərbaycanla İraq arasında əməkdaşlığın perspektivlərindən bəhs edən səfir verdiyi müsahibədə vurğulayıb ki, 2014-cü ildə ölkələr arasında əmtəə dövriyyəsi 354 mln. dollar təşkil edib. Bu məbləğin 2015-ci ildə artacağı gözlənilir.
Onun sözlərinə görə, İraqın Neft Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında memorandumun imzalanması ilə neft sahəsində sarsılmaz strateji əməkdaşlığın təməli qoyulub. Bundan əlavə, diplomat qeyd edib ki, İraqla Azərbaycan arasında qaz sahəsində əməkdaşlığın və digər sahələr üzrə kadr potensialının inkişafı ilə bağlı sövdələşmə əldə edilib.