Avropa İttifaqı və Energetika Nazirliyinin birgə təşkilatçılığı və bəzi dövlət qurumlarının, şəhər və rayon bələdiyyə nümayəndələrinin, ekspertlərin iştirakı ilə "Merlərin Razılaşması Təşəbbüsü – Öhdəlikdən İcraya Doğru" mövzusunda seminar keçirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, energetika nazirinin müavini Gülməmməd Cavadov, Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü barədə məlumat verib.
Bildirilib ki, bu təşəbbüs ilk dəfə Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədi ilə irəli sürülüb və əsas hədəfləri enerji səmərəliliyini artırmaq, bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirmək, iqlim dəyişikliyi təsirlərinə uyğunlaşmaqla dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.
Nazir müavini dünyanın ən iri iqlim və enerji təşəbbüslərindən biri olan Merlər Razılaşmasına Azərbaycandan Mingəçevir Bələdiyyəsi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin qoşulduğunu diqqətə çatdırıb və qeyd edib ki, Energetika Nazirliyi ölkədə enerji resurslarından səmərəli istifadə edilməsi istiqamətində bələdiyyələrin bu razılaşmaya qoşulmaq üçün atacağı addımları dəstəkləyir və Avropa İttifaqı, yerli icra və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti nəticəsində bu proqramın ölkəmizdə uğurla aparılması mümkün olacaq.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək bildirib ki, bu təşəbbüsün əsas məqsədi enerji tələbatını azaltmaq, təkmilləşdirilmiş enerji səmərəliliyi tədbirləri və bərpa olunan enerji mənbələrindən daha çox istifadə etməklə 2030-cu ilədək CO2 emissiyalarının ən azı 40% azaldılmasına nail olmaqdır. Səfir qeyd edib ki, Merlər Razılaşmasına qoşulmuş bələdiyyələrə Avropa İttifaqı ilə razılaşdırılmış fəaliyyət planı çərçivəsində ətraf mühitə atılan tullantıların azaldılması, enerji səmərəliliyinin gücləndirilməsi kimi layihələrin həyata keçirilməsində texniki və maliyyə dəstəyi verilir.
Bu razılaşma hazırda Aİ-nin iqlim və enerji məqsədlərini həyata keçirmək üçün könüllü şəkildə öhdəlik götürmüş 7000-dən çox bələdiyyənin iştirakı ilə təqribən 57 ölkədə icra olunur. Səfir Azərbaycanın enerji effektivliyinin artırılması üzrə fəaliyyətindən danışaraq bu sahədə Aİ ilə birgə qanun layihələrinin hazırlandığını vurğulayıb və Azərbaycanın da Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əminliyini ifadə edib.
Seminarda “Merlər Razılaşması Şərq” layihəsi üzrə Gürcüstan, Ukrayna, Belarusiyadan olan ekspertlərin məruzləri dinlənilib. Bildirilib ki, Aİ-nin maliyyələşdirdiyi bu layihə Şərq Tərəfdaşlığı ölkələrinə Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarının işlənib hazırlanması və həyata keçirilməsində dəstək göstərir və bu seminar vasitəsilə Avropa İttifaqının Merlər Razılaşmasını Azərbaycanda potensial iştirakçı tərəflərə təqdim etmək, onlar arasında məlumatlandırmanın artırılmasına və bununla da Azərbaycanın bu təşəbbüsə qoşulmasına nail olmaq olar.
Energetika Nazirliyinin nümayəndəsi Ələsgər Həsənov “Enerji effektivliyi – ölkənin enerji siyasətinin əsas istiqamətlərindən biri” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda enerji səmərəliliyi sahəsində görülən işlər, bu istiqamətdə gələcəkdə atılacaq addımlar, enerji səmərəliliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə layihələrin reallaşmasında Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinın nümayəndələrinin və ekspertlərin Merlərin Razılaşması təşəbbüsü üzrə öhdəliklər və çağırışlar, koordinatorlar və razılaşma klubları, şərq regionunda ən yaxşı təcrübələr, tərəfdaşlar üçün üstünlüklər və imkanlara dair məruzələri dinlənilib.
Seminar çərçivəsində Merlərin Razılaşması təşəbbüsü üzrə fikir mübadiləsi aparılıb və bələdiyyələri maraqlandıran suallar cavablandırılıb.