Bank Of Baku

İtochu SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İtochu SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır
# 08 dekabr 2016 14:33 (UTC +04:00)

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev ITOCHU korporasiyasının idarə heyətinin üzvü və baş idarəedici direktoru Masahiro İmainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin uğurlarında digər tərəfdaşlarla yanaşı ITOCHU korporasiyasının da rolunu qeyd edib. O, ITOCHU-nun Azərbaycanın regional əhəmiyyət kəsb edən genişmiqyaslı neft-qaz layihələrində iştirak edən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb.

 

Səmimi qəbula görə SOCAR prezidentinə təşəkkürünü bildirən ITOCHU nümayəndə heyətinin başçısı M. İmai SOCAR və ITOCHU arasında əməkdaşlığın 20 ildən artıq bir müddəti əhatə etdiyini, həm neft, həm də qeyri-neft sektorunun müxtəlif layihələrində, o cümlədən Azəri-Çıraq-Günəşli və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq miqyaslı layihələrdə tərəfdaş olduqlarını xatırladıb. O, həmin layihələr üzrə işlərin gedişindən məmnun olduğunu söyləyib, təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

 

Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılığını vurğulayan SOCAR prezidenti birgə layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində ITOCHU şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açıb, yapon şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləyib.

 

M. İmai Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılığını bildirib.

 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.                               

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR