Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında müstəsna rol oynayacaq.
Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə salıb.