Bakı. Vüsal Nəbiyev – APA-Economics. Energetika Nazirliyində İndoneziyanın energetika və mineral sərvətlər naziri Sudirman Səidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, indoneziyalı nazir Azərbaycanla İndoneziya arasındakı münasibətlərin inkişafından danışıb. Azərbaycanın enerji resurslarından istifadə ilə bağlı ölkəsinin maraqlarından, bu sahədə rəsmi Bakı ilə birbaşa əlaqələrin yaradılmasının önəmindən bəhs edib. Onun sözlərinə görə, İndoneziyada neft hasil edilsə də, hasilatın həcmi ölkənin daxili ehtiyaclarını ödəmək gücündə deyil: “Ona görə də İndoneziya enerji təhlükəsizliyini təmin etmək məqsədilə digər neft və qaz istehsalçısı olan ölkələrlə birbaşa əlaqələrin yaradılmasına üstünlük verir. Azərbaycan da bu istiqamətdə mühüm ölkələrdən biridir”.
İndoneziya ilə siyasi, iqtisadi sahələrdə ikitərəfli əlaqələrinin inkişafının qənaətbəxş səviyyədə olduğunu deyən energetika naziri Natiq Əliyev isə bildirib ki, münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanlar var. Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin həcmi 3,4 mlrd. dollardır. Ötən il Azərbaycanda istehsal olunan xam neft və neft məhsullarının 2 mln. tonu İndoneziyaya ixrac olunub.
Nazir diqqətə çatdırıb ki, Azərbaycanın neft emalı, kəşfiyyat işlərində böyük təcrübəsi var və İndoneziya bu təcrübədən bəhrələnə bilər. Azərbaycan İndoneziyanın neft sektorunda investor kimi də çıxış etməyi planlaşdırır.
Natiq Əliyev bu ilin sentyabrında “Əsrin müqaviləsi”nin növbəti ildönümü ilə bağlı keçiriləcək tədbirə iki ölkə arasında enerji sahəsində nəzərdə tutulan planların müzakirəsi məqsədilə indoneziyalı naziri də dəvət edib. Sonda birgə bəyannamə imzalanıb.