N. Əliyev bildirib ki, bununla bağlı işçi qrupu yaradılıb, məsələ ilə əlaqədar Avropa Birliyinin enerji komissarı Bakıda olub və bir neçə dəfə Bakıda, Aşqabadda, Brüsseldə danışıqlar keçirilib: “Ancaq hələ ki bununla bağlı konkret nəticələr yoxdur. Bunun bir çox səbəbləri var. Bu yaxınlarda Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Çində olub, Türkmənistanın Çinə 65 milyard kubmetr qaz ixrac etməklə bağlı böyük layihəsi var. Hazırda Türkmənistan qazının nəqli üçün iki xətt istifadəyə verilib, üçüncü xətt tikilir. Türkmənistan qaz nəqli ilə bağlı dördüncü qaz kəmərini Tacikistan üzərindən keçirmək istəyir. Bunlar çox böyük layihələrdir, Türkmənistan şərqə istiqamətlənib. Qərblə bağlı isə tam fərqli vəziyyətdir”.
N. Əliyevin sözlərinə görə, Türkmənistan həmişə Avropa Birliyinə enerji resurslarını çatdırmağa hazır olduğunu bəyan edir: “Ancaq Türkmənistan qazı sərhəddə təhvil verəcəyini bildirir. Türkmənistan yalnız bu prinsip əsasında Qərblə işləmək istəyir. Yəni sərhəddə qazı verəcəyik, necə nəql edəcəksiniz, hansı boru kəməri ilə aparacaqsınız, “Transxəzər” boru kəmərini kim tikəcək, bu suallar açıqdır. Azərbaycanın mövqeyinə gəlincə, bizim mövqeyimiz belədir ki, əgər Türkmənistan dövlətinin fikri, Avropa Birliyinin istəyi olsa, infrastrukturumuzu bu istiqamətdə istifadəyə verməyə hazırıq. Digər tərəfdən, Azərbaycan Türkmənistan qazının nəqli imkanlarını bütün layihələrində nəzərə alır. Azərbaycan “Transxəzər” qaz kəməri layihəsinə dəstək verməyə, bununla bağlı infrastrukturunun istifadə edilməsinə hazırdır”.