Bakı. Musa Əhmədov – APA-Economics. “Azərbaycan Polad İstehsalı Kompleksi” fəaliyyətə başlayandan sonra ölkənin polad və çuqun məmulatlarına olan tələbatını daxili imkanlar hesabına ödəmək mümkün olacaq.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, “Azərbaycan Polad İstehsalı Kompleksi”nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb. Onun sözlərinə görə, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir. Nazir qeyd edib ki, bu kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək.
Ş.Mustafayev sənaye parklarının fəaliyyətinə də toxunub. Qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanıb, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulub. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir. Həmçinin Parkın infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir.
Balaxanı Sənaye Parkına gəlincə, nazir bildirib ki, burda qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanıb: “Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir. Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür”.