Bakı - APA-Economics. 2016-cı ilin birinci rübü ərzində Azərbaycanda 9,9 mln. ton proqnoza qarşı 10,5 mln. ton neft hasil edilib.
"APA-Economics" xəbər verir ki, bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əliyev deyib.
Nazir bildirib ki, bu, nəzərdə tutulandan 600 min ton artıqdır. N. Əliyev əlavə edib ki, hasil olunan neftin 82%-i "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının payına düşür.
Bundan başqa, hesabat dövründə 8,9 mln. ton neft ixrac edilib ki, bunun da 8,7 mln. tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir.
Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur.