Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nümayəndə heyətində İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərenerji" ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları olub.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib, bir sıra görüşlər keçirilib.
İran prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edərək ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulayıb, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib. Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən H.Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə dair fikirlərini bölüşüb.
Ş.Mustafayev danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilən razılaşmanı alqışladığını, bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inandığını qeyd edib. Azərbaycan və İran prezidentlərinin 2014-cü ildə həyata keçirdikləri qarşılıqlı rəsmi səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını vurğulayan nazir neft, kimya, ticarət, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, bankçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün imkanları qeyd edib.
İranın rabitə və informasiya texnologiyaları naziri M.Vaezi ilə keçirilən görüşdə nazir Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan və İran dövlət başçılarının böyük rolunu qeyd edib, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan İranla həm sanksiyalar dövründə əməkdaşlıq edib və sanksiyalar aradan qalxdıqdan sonra da əməkdaşlıq edəcək.
Azərbaycan və İran arasında neft-qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahəsində və özəl qurumlar arasında əlaqələrin mövcud olduğunu diqqətə çatdıran nazir bu əməkdaşlığın ildən-ilə genişləndiyini, bunun üçün böyük potensialın olduğunu qeyd edilib. Görüşdə həmçinin, dövlət komissiyasının ötən ilin avqustunda Bakıda keçirilən IX iclasında əldə edilən razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılıb, bir sıra sahələrdə irəliləyişlərə nail olunduğu bildirilib, komissiyanın növbəti iclasına dair müzakirələr aparılıb.
Görüşdən sonra Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının həmsədrləri birgə mətbuat konfransı keçirib, KİV nümayəndələrinin suallarını cavablandırıblar.
İranın neft naziri Bijan Namdar Zəngənə ilə keçirilən görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri barədə geniş məlumat verib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə neft-qaz sahəsində fəaliyyət göstərən Azərbaycan və İran şirkətlərinin ölkəmizdə və İranda işləməyə maraq göstərdiyi qeyd edilib, təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, neft-qaz maşınqayırması və neft-qaz avadanlığının birgə istehsalı sahələrində əməkdaşlıq və s. məsələlərə dair fikir mübadiləsi aparılıb. Nazir bildirib ki, İran neft və qazını Avropa bazarlarına ixrac etmək üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə də görüşmüşdür. Görüşdə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, qarşılıqlı investisiya qoyuluşunun həyata keçirilməsinə dair işçi qrupunun yaradılması qərara alınıb.
İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilən görüşdə nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları barədə məlumat verib. Görüşdə Şimal-Cənub dəmiryolu layihəsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, bu sahədə müvafiq işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.