Bank Of Baku

Nazir: "Regionda baş verən son geosiyasi proseslər fonunda AGRİ-nin həyata keçirilməsi olduqca vacibdir"

Nazir: "Regionda baş verən son geosiyasi proseslər fonunda AGRİ-nin həyata keçirilməsi olduqca vacibdir"
# 24 iyun 2015 15:33 (UTC +04:00)

Azərbaycanın Rumıniyadakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, AGRİ layihəsinin iştirakçı dövlətlərinin yüksək vəzifəli rəsmilərinin qatıldığı iclasda qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanları müzakirə olunub.

 

AGRİ layihəsi üzrə nazirlər iclasını açıq elan edən Rumıniyanın energetika, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrey Dominik Gerea bildirib ki, regionda baş verən son geosiyasi proseslər fonunda bu layihənin həyata keçirilməsi olduqca vacib əhəmiyyətə malikdir.

 

Öz növbəsində Azərbaycanın energetika naziri Natiq Əliyev AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətindən bəhs edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfə  və həyata keçirilən enerji layihələri barədə ətraflı məlumat verib.

 

Nazir SOCAR-ın Rumıniyadakı uğurlu fəaliyyətinə də toxunub, SOCAR-ın Rumıniya iqtisadiyyatına yatırdığı sərmayənin Azərbaycan hökuməti tərəfindən tam dəstəkləndiyini bildirib.

 

Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili ölkəsinin adıçəkilən layihənin həyata keçirilməsinə verdiyi önəm və dəstək barəsində tədbir iştirakçılarına məlumat verib.

 

Daha sonra, Böyük Britaniyanın “PENSPEN” şirkəti tərəfindən AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair tədbir iştirakçıları üçün qısa təqdimat edilib.

 

Müxtəlif işçi sessiyalar üzrə işini davam etdirən iclasda qeyd edilən layihənin gələcək taleyi, həyata keçirilməsi və regionun enerji təhlükəsizliyində oynaya biləcəyi rol ilə əlaqədar məsələlər geniş şəkildə müzakirə olunub.

 

İclasda çıxış edən BP şirkətinin Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Co Mörfi qeyd edib ki, AGRİ layihəsi Cənub Qaz Dəhlizinə əlavə komponenti olaraq baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.

 

İclasın sonunda AGRİ layihəsi üzrə Birgə Bəyannamə qəbul edilib. Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR