Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanda nano-texnologiyalar sayəsində ilk uğurlar əldə olunub. Dünyada nano-borular, hissəciklərin alınması üçün karbon mənbələrdən istifadə olunur. Azərbaycanda isə bu məqsədlə karbon mənbə Xəzərdən alınır”.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumunda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycan neftindən nano-texnoloji borular istehsal olunur. “Əldə olunan nəticə çox yüksəkdir. Bu o deməkdir ki, nano-texnologiyaların istehsalında, ümumiyyətlə, İKT sahəsində neftin potensialından istifadə etmək olar”, - deyə E. Vəlizadə deyib.
Nazir müavini qeyd edib ki, ölkə hazırda enerjiyə qənaət, alternativ enerji mənbələrinin yaradılması, biotexnologiyalardan istifadə prioritet istiqamətlərindən biridir.
“Artıq yaxşılaşdırılmış elektron fiziki və kimyəvi xassələrə malik karbon nano-borular, işıq diodları alınıb və onların istehsalına başlanılıb”, - deyə E. Vəlizadə qeyd edib.