Neftçala. Əlibəy Zeynallı - APA. İqtisadiyyat və Sənaye Nazirliyi Neftçalada “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda təqdimat keçirib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirdə qeyri-neft sənayesinin modernləşdirilməsi və diversifikasiyası, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşdirilməsi və başqa məsələlər müzakirə olunub, Neftçala Sənaye Məhəlləsində görüləcək işlərin təqdimatı keçirilib.
Dövlət orqanları, müəssisə və təşkilat, sənaye sahəsində fəaliyyət göstərən şirkət nümayəndələrinin iştirak etdikləri tədbirdə Neftaçalada həyata keçirilən infrastruktur layihələr , rayonun sənaye potensialı haqqında məlumat verilib. Bildirilib ki, sahibkarlığın inkişafına xüsusi dövlət dəstəyi verilməsi yeni istehsal və emal müəsisələrinin yaradılmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına gətirib çıxarır.
Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye nazirinin müavini Niyazi Səfərov müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə həyata keçirilən tədbirlər üzərində ətraflı dayanıb. Qeyd olunub ki, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması hazırda dövlətimizin qarşısında duran əsas prioritetlərdəndir.
Yeni texnologiyalar əsasında işə salınan sənaye parkları və sənaye məhəllələrindən danışan nazir müavini "Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında" Prezident İlham Əliyevin 2 fevral 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələri diqqətə çatdırıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi işlərinin rəhbərlik etdiyi quruma həvalə olunduğunu söyləyib, Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və sənaye məhəlləsinin profili üzrə yaradılacaq istehsal, emal və xidmət sahələrinə dair məlumat verib