Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin noyabr ayı üzrə ödənişlərini açıqlayıb.
ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, ötən ay şirkət tərəfindən dövlət büdcəsinə 142 mln. 373 min manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 mln. 971 min manat və ya 12,8% azdır.
Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında büdcəyə 1 mlrd. 706 mln. 921 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 219 mln. 509 min manat və ya 14,8% çox olub.
Bundan əlavə, bu ilin noyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10 mln. 618 min manat vəsait köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 mln. 657 min manat və ya 25,6% azdır.
Ümumiyyətlə, bu ilin yanvar-noyabr aylarında ARDNŞ tərəfindən DSMF-ə ödəniş 129 mln. 534 min manat təşkil edib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 18 mln. 231 min manat və ya 12,3% azdır.