Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokundan və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam edib.
AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində terminal 298,5 mln. bareldən artıq neft, o cümlədən 260 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təqribən 31,4 mln. barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 5,3 mln. barel dəmir yolu vasitəsilə və 1,84 mln. barel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus qaz kəməri ilə ixrac olunur.
Qeyd edək ki, AÇG-də iştirak payları BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited (OVL)” (2,7%) təşkil edir.