Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü il ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 22,0 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 2,3% az olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ərzində ölkədə 42 041,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, daha əvvəlki ilə nisbətən 3,2% azdır. Nəticədə ötən bu ilin yanvarın 1-nə 187,6 min ton hazır məhsul ehtiyatı yaranıb.
Bunun 41 892,9 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 2,8% azdır.
Ötən il ərzində ölkədə 29 418,3 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2013-cü ilin göstəriciləri ilə müqayisədə 0,7% çoxdur. Nəticədə bu ilin yanvarın 1-i vəziyyətinə 265,2 mln. kubmetr təbii qaz hazır məhsul ehtiyatı yaranıb. Bunun da 18 728,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da daha əvvəlki illə müqayisədə 4,9% çoxdur.