Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 2 613,6 mln. manat olmaqla daha əvvəlki illə müqayisədə 6,1% azalıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il ərzində ölkədə 1 207,0 min ton avtomobil benzini istehsal olunub. Bu, daha əvvəlki 2013-cü illə müqayisədə 14,2% azdır. Nəticədə bu ilin yanvarın 1-nə 23,7 min ton məhsul ehtiyatı yaranıb.
Ötən il ərzində ölkədə 2 895,9 min ton dizel yanacağı istehsal olunub ki, bu da 2013-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə 16,1% çoxdur. Nəticədə bu ilin yanvarın 1-nə 23,3 min ton məhsul ehtiyatı yaranıb.
2014-cü il ərzində ölkədə ağ neftin istehsalı 0,9% azalıb. Belə ki, ötən il ölkədə 696,6 min ton ağ neft istehsal olunub ki, bu ilin yanvarın 1-nə 23,6 min ton hazır məhsul ehtiyatı yaranıb.
Ötən il ölkədə neft bitumunun istehsalında azalma var. İl ərzində Azərbaycanda 241,9 min ton neft bitumu istehsal olunub ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 22,6% azdır. Nəticədə yanvarın 1-nə 5,4 min ton hazır məhsul ehtiyatı yaranıb.
Sürtgü yağlarının istehsalı isə ötən il daha əvvəlki illə müqayisədə 13,9% artıb. Belə ki, ötən 53,3 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin yanvarın 1-nə 1,9 min ton hazır məhsul ehtiyatı yaranıb.
Ötən il ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında ciddi artım var. Belə ki, il ərzində 219,74 min neft adıçəkilən məhsuldan istehsal olunub ki, bu da 2013-cü illə müqayisədə 75,8% çoxdur. Nəticədə bu ilin yanvarın 1-nə 668 min ton hazır məhsul ehtiyatı yaranıb.