Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətə 50 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 250 mln. dollar əsaslı xərclər sərf edilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə layihənin operatoru olan BP şirkətinin illik hesabatında deyilir.
Bu il üçün layihənin əsaslı xərcləri 50 mln. dollar həcmində gözlənilir. CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində yaxın perspektivdə əsaslı xərclər 1,250 mlrd. dollara qədər artacaq.
Qeyd edək ki, CQBK-nın genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı ötən ilin dekabrın 17-də «Şahdəniz Mərhələ 2» üçün qərar verilən zaman qəbul edilib. Bu il ərzində bir sıra müqavilələrin, o cümlədən ilkin işlər və boru kəməri qurğuları, həmçinin Azərbaycanda boru kəmərinin tikintisi üzrə müqavilələrin bağlanması planlaşdırılır.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə «Şahdəniz Mərhələ 1» qazını çatdırır.
Ötən il ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü 13,4 mln. kubmetr qaz və ya gündə 81,6 min barel neft ekvivalenti olub. İllik müqayisədə bu göstərici 20,7% artıb.