Ötən il Naxçıvan Muxtar Respublikasına 32 min 554,5 ton A-92 benzini, 107 min 821,7 ton dizel yanacağı, 9 min 125,3 ton bitum, 10 min 999,7 ton mazut, 269,2 ton müxtəlif növ yağlar, 1975 ton maye qaz gətirilib.
“APA-Economics”in məlumatına görə, Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimovun sözlərinə görə, bu, 2017-ci ildə Naxçıvan əhalisinin, təşkilat və müəssisələrin neft və maye qaz məhsullarına olan tələbatını ödəmək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin Bakı Neft Bazası və Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən baş tutub.
B. Əzimov bildirib ki, alınan yanacaq muxtar respublikaya Bakı-İran və Bakı-Gürcüstan-Türkiyə marşrutları ilə daşınıb: “Belə ki, Gürcüstan-Türkiyə yolu ilə 22 min 809,5 ton, İrandan keçməklə 139 min 584,9 ton, ümumilikdə isə muxtar respublikaya hər iki marşrutla 162 min 394,4 ton neft məhsulları gətirilib”.
O bildirib ki, müəssisə 2017-ci ildə ümumi dövriyyəsi 103 mln. 209 min manat olan 160 min 766 ton müxtəlif neft məhsulları satıb: “2017-ci ildə müəssisə satışdan 900,6 min manat mənfəət əldə edib”.
Müəssisə rəhbəri vurğulayıb ki, Naxçıvanın istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə 2017-2018-ci illərin payız-qış mövsümü üçün tələb olunan 226 992 litr dizel yanacağı yerlərdə təhvil verilib: “Nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olmasına daim nəzarət edilib və bu istiqamətdə lazımi tədbirlər görülüb, yanacaq ehtiyatı yaradılıb. Bu ilin 10 yanvar tarixinə müəssisənin anbarlarında 1553 ton A-92 benzini, 2303 ton dizel yanacağı, 965,2 ton mazut, 28,7 ton maye qaz ehtiyatı var”.