2017-ci ilin ilk üç ayı ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.
"BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, rüb ərzində yataqdan 2,4 mlrd. standart kubmetr qaz və 0,6 mln. ton (təqribən 4,6 mln. barel) kondensat hasil edilib. Qeyd edək ki, 2016-cı ilin analoji dövründə yataqdan 2,7 mlrd. standart kubmetr qaz və 0,6 mln. ton (təqribən 5 mln. barel) kondensat hasil edilib.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) standart kubmetrdir.
Hesabat dövründə "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 113 mln. dollar əməliyyat xərcləri və 835 mln. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Xatırladaq ki, ötən ilin yanvar-mart ayları ərzində "Şahdəniz" üzrə fəaliyyətlərə təqribən 116 mln. dollar əməliyyat xərcləri və təqribən 928 mln. dollar əsaslı xərclər çəkilib.
"Şahdəniz" layihəsində iştirak payları: BP (operator - 28,8%), "AzŞD" (10%), "Cənub Qaz Dəhlizi Apstrim" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NİKO (10%) və TPAO (19%).