"2017- ci ildə SOCAR-ın Qaz İxrac İdarəsi yüksək texniki-iqtisadi göstəricilərə nail olub".
“APA-Economics”in məlumatına görə, bunu Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “İki sahil” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən il Qaz İxrac İdarəsi tərəfindən 14 838 mln. kubmetr qaz qəbul edilib: “O cümlədən, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) 2 896 mln., Azərbaycan Qaz Təchizatı şirkətindən (AQSC) 2 793 mln., Əməliyyat şirkətlərindən 313 mln., “Azneft” İB-dən 6 708 mln. kubmetr qaz qəbul edilib”.
İdarə rəisi bildirib ki, eyni zamanda, İrandan idxal 1 761 mln. kubmetr, Rusiyadan idxal isə 349 mln. kubmetr təşkil edib: “Qəbul olunan qaz həcmlərindən “Azəriqaz” İB-yə 5 813 mln. kubmetr, “Azərenerji” ASC- yə 4 725 mln. kubmetr, “Azneft” İB -yə və digər mənbələrə 2 650 mln. kubmetr təbii qaz həcmi nəql edilib”.
Q. Seyfullayev qeyd edib ki, qurum qəbul etdiyi təbii qazın ixracını da yüksək səviyyədə həyata keçirib. “Belə ki, Gürcüstana müvafiq alqı-satqı müqaviləsi üzrə 2017-ci ildə 1 380 mln. kubmetr həcmində təbii qaz ixrac olunub. Naxçıvan MR-nin təbii qaza olan tələbatını təmin etmək məqsədilə Astaradan İran İslam Respublikasına müvafiq uzunmüddətli (2025-ci ilə qədər) mübadilə müqaviləsi çərçivəsində illik təqribən 402 mln. kubmetr Azərbaycan mənşəli təbii qaz təchiz olunur ki, bunun da 350 mln. kubmetri sonradan Naxçıvana çatdırılır. Bu məqsədlə təchiz olunan təbii qazın tam həcminin dəyəri ödənişsiz və maliyyə əməliyyatları olmadan beynəlxalq “swap” şərtləri əsasında həyata keçirilir. 2016-cı ilin oktyabr ayında İran İslam Respublikası ilə bağlanmış idxal qazı müqaviləsi üzrə 2017-ci ildə 270 mln. kubmetr qaz həcmi “Naxçıvanqaz” İB-yə təhvil verilib”, - deyə Q. Seyfullayev bildirib.