2016-cı ilin yanvar-noyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,6% azalaraq 28,8 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb.
Sənaye məhsulunun 65,4%-i mədənçıxarma, 28,5%-i emal, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 80,1% olub. Ümumi istehsalın 87,3%-i sənaye məhsulunun istehsalı, 12,7%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2016-cı il vəziyyətinə 383,8 mln. manatlıq hazır məhsul olub.
Ehtiyatların 60,4%-i Bakı, 7,6%-i Sumqayıt, 5,7%-i Gəncə, 1,8%-i Şirvan, 0,2%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 27,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.