Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bu il sentyabrın 1-dək Azərbaycanın ixrac neft kəmərləri sistemi ilə dünya bazarlarına 384 mln. tona yaxın, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) ilə 254,9 mln., Bakı-Supsa kəməri ilə 69,1 mln., Bakı-Novorossiysk kəməri ilə 39,1 mln. və dəmir yolu ilə 20,5 mln. ton neft ixrac edilib. Eyni dövrdə BTC kəməri ilə 11,6 mln. ton Türkmənistan, 4,3 mln. tondan artıq Qazaxıstan nefti də nəql olunub.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Məqalədə deyilir ki, hazırda Azərbaycanın bir neft və qaz ölkəsi olaraq dünya miqyasında tutduğu yer, mövqe və qazandığı şan-şöhrət əsas etibarilə “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər, neft-qaz sektorunda başlanmış yeni intibahla əlaqədardır: “Ötən 20 il ərzində aparılan intensiv tədbirlər ölkə üzrə neft və qaz hasilatının dinamik artımına zəmin yaratmış, neft hasilatı neftçıxarma tariximizdə ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 5,6 dəfə artaraq 2010-cu ildə 51 mln. tona çatıb. Xatırladaq ki, buna qədər Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi (23 mln. 482 min ton) 1941-ci ildə qeydə alınıb”.
Hazırda “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarında dərinsulu hissəsində 80 hasilat quyusundan ayda orta hesabla 2,7 mln. tona qədər neft və 1,5 mlrd. kubmetr səmt qazı hasil olunur. Daha bir mühüm fakt isə budur ki, ötən əsrin 90-cı illərinin sonu ilə müqayisədə Azərbaycanın dünya bazarlarına xam neft ixracı 10 dəfədən də çox artıb, ARDNŞ ölkənin ən böyük neft ixracatçısına çevrilib. Bu gün Azərbaycandan ixrac olunan xam neftin təqribən 70%-i milli neft şirkətinin payına düşür”.
“Əsrin müqaviləsi” üzrə işlənmənin gedişində AÇG yataqlar blokunun karbohidrogen ehtiyatları iki dəfəyədək artırılıb. Xatırladaq ki, saziş imzalanan ərəfədə buradakı ehtiyatların ümumi həcmi 511 mln. ton neft, 160 mlrd. kubmetr qaz səviyyəsində hesablanmışdı. Hazırda isə blokun çıxarıla bilən ehtiyatları 1 mlrd. ton neft və 350 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir. İşlənmənin əvvəlindən indiyədək yataqlar blokundan 345 mln. ton neft və 100 mlrd. kubmetr qaz hasil edilib. Qarşıdakı dövrdə isə hər il neft hasilatının orta hesabla 34-35 mln. ton olacağı nəzərdə tutulur. AÇG-də 2050-ci il və sonrakı dövrlər üzrə gələcək işlənmə proqramı hazırlanıb ki, burada da hasilatın sabit saxlanılması və artırılması prioritet məsələ kimi nəzərdə tutulur.
R. Abdullayev qeyd edib ki, indiyədək Azərbaycanın payına düşən 185 mln. tona yaxın mənfəət nefti dünya bazarlarına göndərilib: “Ölkəmizə çatan mənfəət neftinin həcmi ilbəil artır. Təkcə bu ilin 6 ayı ərzində AÇG yataqlar blokundan hasil edilmiş 16 mln. ton neftin 11,2 mln. tonu, yəni 70%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. Mənfəət neftinin satışından əldə edilən gəlir Azərbaycan Dövlət Neft Fondunda toplanır, müəyyən hissəsi sosial-iqtisadi layihələrin həyata keçirilməsinə, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına sərf olunur, əsas hissəsi isə gələcək nəsillər üçün saxlanılır.