Bakı. Aqşin Rafiqoğlu APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə aldığı «Petkim» Holdinqi ilə Niderlandın «APM Terminals» şirkəti arasında regionun ən böyük konteyner limanı – «Petkim» Konteyner Limanının tikintisinə yaxın günlərdə başlanılacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq limanın bütün layihə məsələləri həll olunub: «Artıq tender keçirilib və təşkilatlar seçilib».
R.Abdullayev vurğulayıb ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da təməlqoyma mərasimində iştirak etmək niyyətindədir: «Bundan sonra biz bir il və ya il yarım müddətinə tikintini tamamlayıb Türkiyənin ən böyük və ən dərin limanının inşasını başa çatdıracağıq. Bu da «Petkim»ə əlavə gəlirlər əldə etmək üçün böyük imkanlar yaradacaq».